Redaksiyanın məxfilik öhdəliyi
Din Araşdırmaları Jurnalının məsul əməkdaşları göndərilən bütün məqalələri məxfi yazı kimi qəbul edirlər. Redaksiya, müəlliflərin icazəsi olmadan hər hansı yazı haqqında məlumatın açıqlanmayacağı öhdəliyini öz üzərinə götürür. Məqaləyə baxış prosesi zamanı aşağıdakı şəxslər yazılara çıxış əldə edə bilərlər: məsləhətçi, redaktorlar, redaksiya heyətinin üzvləri. Redaktor sadəcə məqalədə saxtakarlıqdan şübhələndiyi halda müəllifin icazəsi olmadan məqaləni üçüncü şəxsə göndərə bilər.
Elmi sui-istifadə iddiaları və şübhələr
Elmi sui-istifadənin müxtəlif halları mövcuddur. Din Araşdırmaları Jurnalı nəşr etikası qaydalarına əsaslanaraq, sözügedən halları fərdi amillərinə görə qiymətləndirir. Redaktorda etik pozuntuya dair şübhə yaranarsa, yaxud o, belə bir hal ilə qarşılaşarsa, tədbir görməyə məsuldur. Bu məsuliyyət həm dərc olunmuş, həm də dərc olunmamış məqalələrə şamil edilir. Redaktor, mümkün sui-istifadə halları ilə bağlı narahatlıq doğuran məqalələrdən, sadəcə, imtina etməməlidir. O, etik pozuntu şübhələrini, yaxud hallarını araşdırmaqda məsuldur. Redaktor ehtiyac yaranacağı təqdirdə, COPE rəhbərliyindəki mövcud sxemlərə əməl etməlidir. Redaktorlar əvvəlcə sui-istifadədə şübhəli bilinən şəxslərdən izahat tələb etməlidirlər. Əgər cavab qaneedici olmazsa, qurumlardan araşdırma aparılmasını istəməlidirlər.. Redaktor, iddia edilən sui-istifadə ilə bağlı uyğun araşdırmanın aparılmasını təmin etmək üçün bütün mümkün səylərini həyata keçirməlidir. Əgər bu, mümkün deyildirsə, məsələni həll etmək üçün digər üsullardan istifadə etməklə israrla çalışmalıdır. Bu, çətin olsa da, vacib bir vəzifədir.
Din Araşdırmaları Jurnalı COPE-un “Uğurlu Redaksiya Prosesi üçün Etik Alətlər Dəsti”nə (https://doi.org/10.24318/cope.2019.1.12) uyğun fəaliyyət göstərir. Redaktorlar aşağıda göstərilən halların qarşısını almaq üçün tədbirlər görürlər: plagiat, sitat manipulyasiyası, məlumatların təhrif edilməsi, yaxud məlumatların saxtalaşdırılması və digər elmi sui-istifadə faktorları. Redaktorlar heç bir halda müəllif hüquqularının pozulmasına bilərəkdən icazə verməməlidirlər. Redaktorlar nəşr olunan məqalə ilə bağlı hər hansı elmi sui-istifadə iddiası barədə məlumat aldıqda, COPE-un göstərişlərinə əməl etməlidirlər.
Rəyçilər araşdırma və ya nəşr sui-istifadəsindən şübhələndikdə redaktora məlumat verməlidirlər. Redaktor COPE-un tövsiyələrinə uyğun olaraq, müvafiq tədbirlər görməyə məsuldur.
Din Araşdırmaları Jurnalı aşağıda göstərilən və ya bunabənzər sui-istifadə iddiaları ilə qarşılaşdıqda COPE-un axın sxemlərinə əməl etməlidir.
Şikayət proseduru
Bu prosedur Din Araşdırmaları Jurnalının məsuliyyət daşıdığı məzmun, mövzu və siyasətlə bağlı şikayətlər kontekstində tətbiq olunur. Şikayətlər inkişaf üçün məqam və stimul yarada bilir. Biz şikayətlərə sürətli, nəzakətli və konstruktiv şəkildə cavab verməyə çalışırıq.
Şikayətlər birbaşa [email protected] elektron poçt ünvanına göndərilməlidir və onlar məxfi şəkildə araşdırılacaqdır. Redaktor şikayətlərə dərhal cavab verir. Redaktor şikayətlərlə bağlı COPE axın sxemində göstərilən qaydaya əməl edir.
Şikayətlər redaksiya heyətinin aidiyyəti üzvü tərəfindən nəzərdən keçirilir və əgər həll oluna bilməsə, aşağıda göstərilən proseslər tətbiq olunur:
- İlk cavab qənaətbəxş hesab edilməsə, şikayətçi şikayətinin jurnalın daha yüksəksəviyyəli üzvünə göndərilməsini tələb edə bilər.
- Şikayətçi yenə razı qalmasa, şikayət Baş redaktora təqdim edilə bilər.
- Baş redaktorun verdiyi qəti qərardan sonra şikayətçi narazı qalarsa, o, Azərbaycan İlahiyyat İnstitutuna şikayət edə bilər.
- Şikayətə, mümkün olacağı təqdirdə, iki həftə ərzində tam cavab verilməlidir.
COPE elmi jurnalların redaktorları üçün Davranış Məcəlləsi yayımlayır. Bu məcəllə redaktorlar, jurnallar və nəşriyyatlar arasında yaranan mübahisələrin həllini asanlaşdırır. Jurnalın daxili şikayət prosedurları tükəndikdən sonra, COPE-a müraciət oluna bilər.
Etiraz proseduru
Redaktorlar və rəyçilər tərəfindən verilmiş qərarlara qarşı etirazları sağlam hal kimi qəbul edirik. Əgər məqalənizin elmi məzmununu səhv anladığımızı düşünürsünüzsə, [email protected] elektron ünvanına, redaksiya heyətinə etiraz məktubu göndərməyinizi xahiş edirik. Bu məsələni həyata keçirərkən məqalənizin yenilənmiş versiyasını göndərməyə çalışmayın. Etiraz məktubunuzu oxuduqdan sonra, yazılanların əsaslı olduğuna inanarıqsa, sizə məqalənizin yenidən işlənmiş versiyasını göndərməyinizi təklif edə bilərik. Bu zaman yazınız yenidən rəyçilərə göndəriləcəkdir. Etiraz məktubunuzda mümkün qədər ətraflı məlumat verməyə səy göstərin. Nəzərinizə çatdırırıq ki, hər məqalə üçün yalnız bir etiraz qəbul edilir. Bu səbəbdən də etirazınızı aydın şəkildə ifadə etmək üçün məktubu diqqətlə və ətraflı yazmağa çalışın; bir şansınız var, onu lazımi şəkildə dəyərləndirin. İmtina edilmiş məqalələr üzərində uzunsürən müzakirələrin həm müəlliflər, həm də redaktorlar üçün qaneedici olmadığını anlayırıq. Buna görə də eyni tədqiqat işi üçün bir neçə etirazı qəbul etmirik.
Maraqların toqquşması
Maraqların toqquşması – bu, diqqətin cəmləşdiyi obyektə dair peşəkar mühakimənin, ikincidərəcəli maraqlardan (maliyyə qazancı, şəxsi rəqabət və s.) təsirləndiyi hallarda baş verir. Məqalənin hansı şəkildə idarə olunacağı barədə ən yaxşı qərarı qəbul etmək üçün müəlliflərin potensial maraqların toqquşmasından xəbərdar olmalıyıq və yazı nəşr ediləcəyi təqdirdə, oxucular da bundan xəbərdar olmalıdırlar.
Müəllifin obyektivliyinə xələl gətirəcək hər hansı bir şəxs və ya təşkilatın xeyrinə ədalətsiz şəkildə üstünlük verəcək maliyyə və ya digər diqqət olunacaq sahələr maraqların toqquşması hesab edilir. Araşdırma zamanı əldə edilən bütün maliyyə dəstəkləri və sponsorların rolu qeyd edilməlidir. Əgər maliyyə dəstəyi yoxdursa, bu da açıqlanmalıdır. Maraqların toqquşmasına nümunələr: məsləhət xidmətləri, əməkhaqqı, qrantlar və s. Potensial maraqların toqquşması mümkün qədər erkən mərhələdə açıqlanmalıdır.
Din Araşdırmaları Jurnalında məsləhətçi, redaktorlar, redaksiya heyəti üzvlərinin göndərdikləri məqalələrin qərəzsiz qiymətləndirilməsi üçün xüsusi prosedur qaydaları mövcuddur. Bu kimi məqalələr əvvəlcə digər jurnallara yönləndirilir. Bu mümkün olmasa, göndərənin jurnaldakı vəzifəsi elektron sistem tərəfindən avtomatik olaraq müvəqqəti dayandırılır. Məqalə ikitərəfli – bir-birindən xəbərsiz rəy prosesi ilə qiymətləndirilir.
Redaktor, özü və ya ailə üzvləri tərəfindən yazılmış məqalələrlə bağlı qərarların qəbulunda iştirak etməməlidir. Bu məsələ jurnalın bütün adi prosedurlarına tabe olmalıdır. Redaktorlar, müəlliflər və rəyçilər tərəfindən maraqların toqquşması ilə bağlı açıqlamaların təmin olunmasına COPE-un rəhbərliyi nəzarət edir.
Nəşrin etik prinsipləri
Nəşrin etik qaydaları – müəlliflər, rəyçilər və nəşriyyatlar öz dürüstlüklərini təmin etmək üçün redaksiyanın daha yüksək işləmə standartlarını qoruyan, özünü tənzimləyən bir mexanizm kimi fəaliyyət göstərən faktorları ehtiva edir. Nəşr üçün etik standartlar yüksəkkeyfiyyətli elmi nəşrləri, ictimaiyyətin elmi tapıntılara olan etibarını və fərdi fikirlərə hörməti təmin etmək üçün mövcuddur.
Dürüst tədqiqatçıların yüksək keyfiyyətləri:
- plagiatlıq etmir;
- mənbələri yanlış göstərmir;
- təkzib edə bilməyəcəkləri etirazları gizlətmir;
- digər fikirləri təhrif etmir;
- məlumatları silmir və ya gizlətmir.
Rəy prosesi – elmi metodologiyanı dəstəkləyən və həyata keçirən bir sistemdir. Bu baxımdan, nəşr prosesində iştirak edən bütün tərəflərin (müəlliflər, oxucular, tədqiqatçılar, nəşriyyat, rəyçilər və redaktorlar) etik prinsiplərə riayət etməsi böyük əhəmiyyət kəsb edir. Din Araşdırmaları Jurnalı tədqiqat və nəşr etikliyi baxımından milli və beynəlxalq standartları qoruyur. Jurnal aşağıda göstərilən beynəlxalq nəşr etik nəşr prinsiplərini qəbul edir:
- Committee on Publication Ethics (COPE),
- Directory of Open Access Journals (DOAJ),
- Open Access Scholarly Publishers Association (OASPA) tərəfindən yayımlanan beynəlxalq etik nəşr prinsipləri.
Təkrar nəşr
Təkrar nəşr – eyni və ya çox oxşar məqalələrin bir neçə jurnalda dərc edilməsidir. Redaktor belə bir məqaləni araşdırmadan geri qaytarır. Təkrar nəşrə cəhd göstərən müəllifə müəyyən müddət üçün nəşr qadağası tətbiq oluna və bu hal ictimaiyyətə açıqlana bilər.
Məqalənin eyni anda bir neçə jurnala göndərilməsi
Müəlliflər məqaləni eyni anda bir neçə jurnala təqdim edə bilməzlər. Redaktor məqalənin eyni anda bir neçə jurnala göndərilməsindən şübhələnərsə, digər jurnalların redaktorları ilə məsləhətləşmək hüququna malikdir. O, həmçinin məqaləni geri qaytara və ya qiymətləndirmədən imtina edə bilər. Eyni zamanda müəlliflərə müəyyən müddət üçün məqalə göndərməyi qadağan edə və işəgötürənlərinə bu barədə məlumat verə bilər.
Plagiatlığın qarşısının alınması
Başqalarının ideyalarını, metodlarını, məlumatlarını, əlavələrini, yazılarını, şəkillərini və ya əsərlərini elmi qaynaqlara istinad etmədən öz əsəri kimi təqdim etmək plagiatlıq hesab olunur.
Din Araşdırmaları Jurnalı plagiatlığın qarşısını almaq üçün göndərilən bütün məqalələri https://strikeplagiarism.com/. proqramı vasitəsilə yoxlayır. Məqalənin oxşarlıq nisbəti maksimum 15 faizdən az olmalıdır. Əsas meyar müəllifin düzgün istinad və sitat qaydalarına əməl etməsidir. Oxşarlıq nisbəti, 1 faiz olsa da, istinad və iqtibas düzgün edilməyibsə, bu, plagiat kimi qəbul oluna bilər.
Etik pozuntuya daxil olan hallar:
- plagiat;
- duplikasiya;
- saxta müəlliflik;
- tədqiqat məlumatlarının saxtalaşdırılması;
- məqalə “dilimləmə”;
- müəlliflik hüquqlarının pozulması;
- maraqların toqquşmasının gizlədilməsi.
Etik standartlara uyğun olmayan bütün məqalələr nəşrdən çıxarılır. Bu, həmçinin nəşrdənsonrakı hallara da şamil edilir.
Saxtakarlıq
Tədqiqata əsaslanmayan məlumatların əldə edilməsi, təqdim edilmiş və ya dərc edilmiş işin reallığa uyğun olmayan məlumatlara əsaslanaraq düzəldilməsi və ya dəyişdirilməsi və onların nəşri, bu məlumatların həqiqi kimi təqdim edilməsi saxtakarlıq sayılır.
Bura daxildir:
- saxta məlumatların hazırlanması və yayımlanması;
- tədqiqatda istifadə olunmayan metodları və materialları, sanki istifadə edilmiş kimi göstərilməsi;
- məlumatların qiymətləndirilməsindən imtina edilməsi;
- tədqiqatın hipotezinə uyğun olmayan nəticələrin məqsədli şəkildə dəyişdirilməsi;
- məlumatların və ya nəticələrin müvafiq nəzəriyyə, fərziyyələrə uyğunlaşdırmaq üçün manipulyasiyası;
- tədqiqat sponsorlarının maraqlarına uyğun nəticələrin təqdim edilməsi.
Müəlliflərin şəxsi məlumatlarının qorunması
Din Araşdırmaları Jurnalı şəxsi və ya həssas məlumatları, əhatə edən bütün tədqiqatların rəsmi etik komitənin icazəsi ilə aparılmasını tələb edir.
Tədqiqat sui-istifadəsi iddialarının araşdırılması
Din Araşdırmaları Jurnalı COPE-un müəyyən etdiyi “Uğurlu redaksiya prosesi üçün etik alətlər dəsti”nə uyğun fəaliyyət göstərir. Redaktorlar nəşr olunacaq məqalədə plagiat, məlumatların saxtalaşdırılması və dəyişdirilməsi, sitat manipulyasiyası kimi halların qarşısını almaq üçün tədbirlər görürlər. Heç bir zaman belə hallara bilərəkdən icazə verilməyəcəkdir. Etik pozuntusu halları aşkar edildikdə, COPE-un qaydalarına uyğun tədbirlər görülür (https://doi.org/10.24318/cope.2019.1.12).
Etik pozuntu bildirişləri
Oxucular Din Araşdırmaları Jurnalında dərc olunan məqalədə ciddi səhv və ya qeyri-dəqiqlik aşkar etdikdə və ya redaksiya məzmunu ilə bağlı (plagiat, təkrar nəşr və s.) şikayətləri olduqda [email protected] ünvanına bildiriş göndərə bilərlər. Biz belə müraciətləri məmnuniyyətlə qəbul edir, tez bir zamanda və konstruktiv şəkildə cavab veririk.
Tədqiqat etikası
Din Araşdırmaları Jurnalı tədqiqat etikliyi baxımından ən yüksək standartları qoruyur və aşağıda göstərilən beynəlxalq etik tədqiqat prinsiplərini qəbul edir: Məqalələrin etik qaydalara uyğun olmasının məsuliyyəti müəlliflərin üzərinə düşür.
- tədqiqatın hazırlanmasında, nəzərdən keçirilməsində və nəticələrin qiymətləndirilməsində şəffaflıq, keyfiyyət və dürüstlük prinsiplərinə əməl edilməsi;
- tədqiqat iştirakçılarının araşdırmanın məqsədi və metodları barədə, məlumatlandırılması;
- tədqiqat iştirakçılarının şəxsi məlumatlarının qorunması;
- tədqiqat iştirakçılarının könüllülük prinsipi əsasında araşdırmaya qatılması;
- tədqiqat iştirakçılarının hüquqlarının və təhlükəsizliklərinin qorunması;
- tədqiqatın müstəqil, açıq və aydın olması;
- insan üzərində aparılan tədqiqatlarda yazılı razılığın (informed consent) əldə olunması;
- uşaqlardan və qəyyumluqda olan şəxslərdən, habelə psixi xəstəliyi aşkar edilmiş şəxslərin qanuni qəyyumlarından razılığın alınması;
- tədqiqat hər hansı bir qurumda aparılırsa, müvafiq icazələrin alınması;
- insan faktorlu tədqiqatlarda etik komitənin təsdiq cavabının və iştirakçılardan razılıq alınmasının “metod” bölümündə qeyd olunması.