e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Jurnal haqqında

          Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi olan, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası (AAK) tərəfindən elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş “Elmi Məcmuə”nin 2004-cü ildən fasiləsiz olaraq ildə 2 dəfə, ümumilikdə, 29 sayı nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, BDU İlahiyyat fakültəsinin bazasında Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı. Sözügedən məcmuə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Din Araşdırmaları Jurnalı adı altında nəşr olunmağa davam etdi. Hər iki jurnalın redaksiya heyətində beynəlxalq nüfuzlu alimlər yer alıb. Din Araşdırmaları Jurnalı 2018-ci ilin dekabr ayından etibarən çap olunur, 2020-ci ildən isə Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Jurnal 2023-cü ildən etibarən elektron formada məqalə qəbul etməyə  başlayıb..

        Din Araşdırmaları Jurnalında dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu aparılır.

        Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir. Din Araşdırmaları Jurnalı qeyd edilən yöndə araşdırma aparan alimlər, ilahiyyatçılar, dinşünaslar, filosoflar, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub.

       Aİİ-nin Din Araşdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və yayımlanır. 

      Jurnalda dərc olunan məqalələrin müəllif hüquqları yalnız yazı müəllifinə aiddir. Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Məqaləsi nəşr olunan hər bir müəllif jurnalın çap nüsxəsindən hər hansı ödəniş etmədən redaksiyadan əldə edə bilər. 

       Jurnala orijinal, əvvəllər heç bir yerdə dərc olunmamış və ya nəşr olunmaq üçün təqdim edilməmiş məqalələr qəbul edilir.

        Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.