Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi olan, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası (AAK) tərəfindən elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş “Elmi Məcmuə”nin 2004-cü ildən fasiləsiz olaraq ildə 2 dəfə, ümumilikdə, 29 sayı nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, BDU İlahiyyat fakültəsinin bazasında Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı. Sözügedən məcmuə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Din Araşdırmaları Jurnalı adı altında nəşr olunmağa davam etdi. Hər iki jurnalın redaksiya heyətində beynəlxalq nüfuzlu alimlər yer alıb. Din Araşdırmaları Jurnalı 2018-ci ilin dekabr ayından etibarən çap olunur, 2020-ci ildən isə Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Jurnal 2023-cü ildən etibarən elektron formada yayımlanmağa başlanıb.
Din Araşdırmaları Jurnalının strukturu
Məsləhətçi
Jurnalın nəşr strategiyasının müəyyənləşməsi, məqalələrin elmi istiqamətdə daha sanballı və keyfiyyətli nəşri və digər elmi tövsiyələrin araşdırılmasına cavabdeh şəxs.
Baş redaktor
Jurnala daxil olan məqalələrin profil üzrə müxtəlif elm mütəxəssislərinə yönləndirilməsinə, sahələrə uyğun şəkildə müəyyənləşdirilməsinə, həmçinin jurnalın dərc olunmasına cavabdeh şəxs.
Baş redaktor məqalələri müəlliflərin milli, etnik, dini mənsubiyyəti, cinsiyyəti, vətəndaşlığı və siyasi düşüncəsindən asılı olmayaraq, müvafiq elm sahələri üzrə rəyçilərə yönləndirməyə məsuldur.
Baş redaktor rəyçilərə təqdim edilən məqalələrin müzakirəsini kənar şəxslərlə aparmamalı, dəyərləndirməni gizli saxlamalı, həmçinin redaksiya heyətinin digər üzvləri ilə də müzakirə etməməli olduğunu vurğulamalıdır.
Redaktor
Jurnala məqalə qəbulunun aparılmasına və digər texniki məsələlərə məsul şəxs. Jurnalın dərc olunmasına cavabdeh şəxs.
Jurnalın hər buraxılışında məqalələri ilk qəbul edən şəxs. Redaktor jurnala göndərilən məqalələri anonimlik qorunaraq baş redaktora yönləndirməli və yazılarla bağlı bütün məlumatların dərc olunmazdan əvvəl gizli saxlanılmasını əsas götürməlidir. Eyni zamanda, redaktor dəyərləndirmə müddətində rəyçilərlə birbaşa əlaqə qura bilən, onları vəzifələri barədə məlumatlandıran şəxsdir.
Ədəbi redaktorlar
Azərbaycan, rus, ingilis, türk və ərəb dilləri üzrə redaktorlar rəyçilər tərəfindən çapa təsdiq edilmiş məqaləni yoxlayır və çap üçün təsdiq edirlər.
Redaksiya heyəti
Din Araşdırmaları Jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. Bu alimlər tərəfindən jurnala daxil olan məqalələrə anonimlik qorunmaqla rəy verilir.